BAcki
DƏVƏT

Dəyərli elm adamları!

Sizləri 18-21 iyun 2022-ci il tarixdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikasında keçiriləcək “I Beynəlxalq Tibbi Forum”a dəvət etməkdən şərəf duyuruq.

Dünyada tibbi texnologiyanın və müalicə metodlarının sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də təbabətdə həllini gözləyən çoxsaylı problemlər mövcuddur. Bu problemlərin həlli yollarının axtarılması tibb elm adamları və mütəxəssislərini daima düşündürür. Bir çox xəstəliklərin erkən diaqnostikasında və müalicəsində kompleks müalicə metodları ilə yanaşı, laparoskopik, endoskopik və robotik cərrahiyyə metodları yeni texnologiyalar sayəsində daha sürətlə və etibarlı olaraq həyata keçirilə bilir. Bu baxımdan müasir müalicə metodlarının multidisiplinar müzakirəsi olduqca aktualdır.

Həyata keçirəcəyimiz forumun tibb elm adamları, ixtisas mütəxəssisləri, həkimrezidentlər, tibb tələbələri üçün nəzəri və praktik əhəmiyyət daşıyacağı şübhəsizdir. Elmi komitə günümüzdə bilik və təcrübə ehtiyaclarını ödəmək üçün müasir texnologiyaları, müalicə metodlarını, yanaşmaları təhlil etməyi qarşıya məqsəd qoymuşdur. Bunun üçün forumda təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli yolları haqqında tibb alimləri və mütəxəssislər tərəfindən canlı sunumlar təşkil olunacaqdır.

Naxçıvanın iqliminin və təbiətinin gözəl vaxtında həyata keçirəcəyimiz forumda dəyərli elm adamlarının iştirakı bizim üçün çox əhəmiyyətlidir. Öz elmi-praktik təcrübələrinizi bizimlə paylaşmağınız üçün hamınızı foruma dəvət edirik.

Təşkilat komitəsi adından hörmət və ehtiramla

Elbrus İSAYEV

Naxçıvan Dövlət Universitetinin rektoru

Gəray GƏRAYBƏYLİ

Azərbaycan Tibb Universitetinin rektoru

Müşviq HƏSƏNOV

Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri